Termitlər qarışqa kimi kiçik böcəklərdir, amma buna baxmayaraq onlar çox bacarıqlıdır. Məsələn, şəkillərdə gördüyünüz qülləyəbənzər hündür yuvaları bu kiçik canlılar hazırlamışlar. Xarici görünüşünə baxarkən heç də zənn etməyin ki, bu yuvalar sadədir. Çünki termitlər yuvalarını eyni layihə əsasında hazırlayırlar. Burada bala termitlər üçün xüsusi otaqlar, mantar hazırlayan hücrələr, ana termitin otağı və s. otaqlar var. Ən əsas cəhət isə termit yuvalarında havanı dəyişmək üçün xüsusi bir ventilyasiya sisteminin olmasıdır. Termitlərin dərisi çox incə olduğu üçün onların rütubətli havaya ehtiyacı var.
Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.(Bəqərə-116)
15 Haziran 2011 Çarşamba
HEYVANLARIN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Allahın təbiətdə yaratdığı möcüzələrdən biri də canlıların özlərini qorumaq üçün gördüyü təhlükəsizlik tədbirləridir. Bəzi canlılar onlara qarşı olacaq zərərləri əvvəlcədən dəqiq hiss edib müxtəlif qorunma vasitələri tətbiq etmə qabiliyyətinə malikdir. Məsələn, bir az əvvəl haqqında danışdığımız termitlər yuvalarının divarlarını uçurulmayacaq qədər qalın və sərt hazırlayırlar. Toxucu quşlar isə yuvalarının girişini əsas düşmənləri olan ilanların içəri girməsinə mane olacaq formada tikirlər. Bəzi hörümçəklər də yuvalarının içində müxtəlif hücrələr tikir və içəri girən digər həşəratları bu otaqcıqlarda həbs edirlər.
QARIŞQANIN GÖZLƏRİNDƏKİ KOMPAS
Yaşadığımız yerdən başqa bir ölkəyə və ya başqa bir şəhərə gedərkən istiqamətimizi təmin edəcək köməkçilərə ehtiyacımız var. Xüsusilə də getdiyimiz yer heç tanımadığımız bir yerdirsə, mütləq kompasımız və xəritəmiz olmalıdır. Xəritə insanın harada olduğunu, kompas isə hara gedəcəyini göstərir.
Biz bunlardan istifadə edərək və məlumatlı insanlarla məsləhətləşərək yolumuzu tapır, azmırıq. Bəs digər canlıların öz səmtini necə tapdıqlarını heç fikirləşmisinizmi? Məsələn, bir çöldə qida axtaran qarışqanın hər dəfə öz yuvasına necə döndüyünü heç fikirləşmisinizmi?
QARIŞQA İLƏ QUŞUN MÖCÜZƏVİ İŞBİRLİYİ
Yaşadığımız hər yerdə səhhətimiz üçün təhlükə yaradan və bizi xəstələndirən mikroblar var. Bu mikroblar bizimlə yanaşı başqa canlılar üçün də təhlükə yaradır. Bu səbəbdən canlılar da bizim kimi özlərini qorumalıdır. Əslində canlıları dərindən öyrəndiyimiz zaman onların mikroblardan qorunmaq üçün bəzi vasitələrdən istifadə etdiyini görürük. Məsələn, qarışqalar özlərini müdafiə etmək üçün tərkibində turşu olan müəyyən maddə hazırlayır. Bu maddə mikrobları zərərsizləşdirir. Sonra da tərkibində turşu olan bu maddəni öz bədənlərinə və yuvalarının divarlarına sürtürlər. Yəni yalnız özlərinin deyil, yaşadıqları yuvanın da mikroblardan təmizlənməli olduğunu yaxşı bilirlər.
KİÇİK MÜHƏNDİS QUŞLAR
Ağacların üstündə və ya gövdəsində, bəzən də eyvanınızın bir küncündə qurulan quş yuvalarını yəqin ki, çox görmüsünüz. Bunlar yalnız sizin bildiyiniz bir neçə quş növlərinin yuvasıdır. Amma yer üzərində o qədər quş növü yaşayır və onlar o qədər müxtəlif yuvalar qurur ki, bu, artıq üzərində düşünülməsi lazım gələn bir mövzudur.
QIŞ GÜVƏSİNDƏKİ İSİTMƏ SİSTEMİ
Qış fəsli gələndə dünyanın soyuq bölgələrində yaşayan bir çox həşərat növü soyuq və ya qida çatışmamazlığı səbəbilə məhv olur. Çünki həşəratlar zərif canlılardır, lakin bu mövzuda bəzi istisnalar da var. Məsələn, Kukumav güvələri kəpənəklərə bənzər, ilk baxışda çox zərif görünən canlılardır. Lakin onlar əslində ən çətin qış şəraitində də yaşamağa dözümlü olan bədən quruluşuna malikdir. Buna görə də bu güvələr «qış güvələri» adlandırılır.
ALABALIQ YOLUNU NECƏ MÜƏYYƏN EDİR?
Köç etməyin yalnız quşlara xas olduğunu güman etməklə səhvə yol verirsiniz. Bu bölümdə sizə köç edən dəniz canlılarından alabalıqların macəralarından bəhs edəcəyik. Alabalıqlar tamamilə çaylarda, analarının tökdüyü kürülərdən çıxaraq dünyaya gəlir. Dünyaya gəldikləri bu yerdə bir neçə həftə ərzində ov etməklə böyüyürlər. Sonra isə həmin çayın axını ilə irəliləməyə başlayırlar. Dənizə doğru bu səfərləri zamanı bəndlərlə və çirkli sularla qarşılaşır, onları ovlamaq istəyən böyük balıqlar kimi müxtəlif təhlükələrdən keçməyə çalışırlar.
BALIQLAR SUDA NECƏ YAŞAYIRLAR?
Hamınız balıqların suda çox çevik və sürətli hərəkətlərinə şahidsiniz. Balığın üzməsi üçün qeyri-adi bir hərəkətə ehtiyac yoxdur, bunun üçün onun quyruğunu suda sağa-sola hərəkət etdirməsi kifayətdir. Beləliklə, balıqların suda bu rahat hərəkəti mütəhərrik onurğaları və bədənlərindəki bəzi sistemlər sayəsində mümkün olur.
Balıqlar üzərkən çox böyük enerji sərf edir. Bunun səbəbi suda uzun müddət yüksək sürətlə üzmələri deyil. Balıqlar sakit vəziyyətdə ikən birdən yüksək sürət toplamaq üçün böyük enerji sərf etməlidir. Birdən sürətlənmək onlar üçün çox əhəmiyyətlidir, çünki ovçulardan qaça bilmək üçün buna ehtiyacları var.
TUTUQUŞULAR KİMYAYA AİD BİLİKLƏRİ HARADAN BİLİR?
Bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə siz də maraqlandınız, elə deyilmi?
HÖRÜMÇƏK TORLARINDAKI MÜHƏNDİS LAYİHƏSİ
Çox yerdə görə biləcəyimiz hörümçək torlarının formasına heç diqqət etmisinizmi? Saplarının onların özü tərəfindən hazırlandığını və bu sapların çox qəribə xüsusiyyətinin olduğunu bilirsinizmi? Və ya bağça hörümçəyinin qurduğu torda istifadə etdiyi texnikanın inşaat mühəndislərinin istifadə etdiyi ən son texnikaya çox bənzədiyini eşitmişdinizmi?
MARAQLI BİR CANLI: NAUTİLUS
Yəqin ki, hamınız sualtı gəmiləri televizorlarda, qəzet və jurnallarda görmüsünüz. Olduqca dərinliklərə enərək hiss olunmadan hərəkət edə bilən bu texnoloji mexanizmlərdən ölkələrin təhlükəsizliyini təmin etməkdə və bəzi elmi araşdırmalarda istifadə olunur. Sualtı gəmilərin işləmə sistemi isə aşağıdakı kimidir. Sualtı gəmilərdə mövcud olan xüsusi dalma sisternləri su ilə dolduqda gəmi sudan daha ağır olur və dibə dalır. Əgər sisterndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxır.
FİZİKANIN QANUNLARINI BİLƏN KƏPƏNƏKLƏR
Kəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanadları, zərif uçuşları ilə təbii bir gözəllik olan bu canlılar Allahın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Əlbəttə ki, kəpənəklərin xüsusiyyətləri yalnız bəzəkli olmalarından ibarət deyil. Olduqca qısa ömür sürmələrinə baxmayaraq bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparır. Məsələn, uçmaq üçün - daha əvvəl də güvələrlə bağlı qeyd etdiyimiz kimi - kəpənəklərin bədəni müəyyən bir temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nələr etdiklərini birlikdə təhlil edək.
GÖZƏTÇİ NAQQA BALIĞI
Balıqların yuva qurması və balalarını daim qoruması o qədər də bilinməz. Bu yuvalar əsasən xırda daşların və ya qumların içində açılan çuxur şəklindədir. Kürülər bir müddət bu açıq çuxurların içində inkişaf edir. Bu müddət ərzində ata və ana balıqlar öz balalarını düşmənlərdən qorumaq üçün növbə çəkirlər.
Naqqa balıqları da balalarını xüsusi bir mühafizə içində saxlayan canlılardır. Dişi naqqa balıqları öz kürülərini dayaz sulardakı bitkilərin və qamışların dibində tökür.
İŞIQ SAÇAN CANLILARIN XÜSUSİYYƏTLƏRİNİ BİLİRSİNİZMİ?
Gecələr ağacların üzərində hərəkət edən işıqları heç görmüsünüzmü? Bəzən bir ağacı az qala örtəcək qədər çox olan bu işıqlar işıldaquşlardır. İşıldaquşlar işıq saçan canlıların ən əsaslarıdır. Gecənin qaranlığında ağacları işıqlandıran işıldaquşlar alimlərin üzərində ən çox tədqiqat apardığı canlılardan biridir. Bunun səbəbini bir az sonra müfəssəl şəkildə izah edəcəyik. Lakin əsasən bu canlıların necə işıq saçmasından bəhs edək.
İŞIQ VERƏN SUALTI CANLILAR
Şəkillərdə gördüyünüzə bənzəyən bir çox sualtı canlı da işıldaquşlar kimi işıq verən sistemlərə malikdir. Onlar işıqlarından əsasən düşmənlərini azdırmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bu canlıların demək olar ki, hamısının arxasında eynilə parçadakı tikiş yerinə bənzəyən lentşəkilli yerləşdirilmiş, işıq verə bilən hüceyrələr var. İndi bu canlıların əsas xüsusiyyətləri ilə tanış olaq.
TUTUQUŞU BALIĞININ YATAQ ÖRTÜYÜ
Şəkildəki balığın adı - artıq sizin də bildiyiniz kimi tutuquşuya bənzədiyinə görə - tutuquşu balığıdır. Rəngarəng bir görünüşü olan bu balıq düşmənlərindən müdafiə olunmaq üçün müəyyən bir üsuldan istifadə edir. Xüsusilə gecələr bütün bədənini özü hasil etdiyi jelatinə (nazik və şəffaf plastinka şəklində yapışqan maddəyə) bənzər bir maddə ilə örtür. Ağlınıza gələn «nə üçün» sualının cavabından əvvəl bu maddənin necə hazırlandığına və ondan necə istifadə edildiyinə diqqət yetirək.
ƏQRƏB BALIQLARININ MƏHARƏTLƏ MASKALANMASI
Əqrəb balıqları son dərəcə rəngli bir görünüşə malikdir. Onların rəngi yaşadıqları mərcanlarla eynidir. Şəkildə gördüyünüz kimi, əqrəb balığının ağ-qırmızı zolaqları eynilə bu rəngdə olan mərcanların arasında gizlənməsinə, yəni görünməzliyinə səbəb olur. Bu da onların ovlanmaq təhlükəsini azaldır. Eyni zamanda öz ovuna da asanlıqla yaxınlaşmasına imkan verir.
Aşağıdakı və əvvəlki səhifədə olan əqrəb balıqlarının şəkillərinə diqqətlə baxın, özünüz də hiss edəcəksiniz ki, onları olduqları şəraitdən seçmək çox çətindir.
DƏNİZ AYĞIRLARININ MARAQLI XÜSUSİYYƏTLƏRİ
Dəniz ayğırlarını televizorda və ya kitablarda görə bilərsiniz. Onların ata bənzəyən qeyri-adi xarici görünüşü və yırğalanaraq hərəkət etməsi yəqin ki, sizin də diqqətinizi çəkmişdir. Bəs bu canlıların təsəvvür ediləndən də kiçik olduqlarını bilirdinizmi? Dəniz ayğırlarının boyu 4-30 sm arasında olur və onlar əsasən dəniz sahillərində, yosun və bitkilərin arasında yaşayırlar. Bədənlərini örtən sümüyəbənzər zireh bu heyvanları təhlükədən qoruyur. Bu zireh o qədər möhkəmdir ki, hətta ölmüş quru bir dəniz ayğırının zirehini qırmaq mümkün deyil.
CIRCIRAMA (İYNƏCƏ) UÇUŞ MEXANİZMİ KİMİ
Cırcıramanı (iynəcəni) su olan bir çox yerlərdə görmək mümkündür. Əgər bu həşəratı tanıyırsınızsa, onun nə qədər böyük sürətlə hərəkət etməsinin və ani manevrlər etməsinin şahidi olmusunuz. Bilməyənlərə iynəcədən bir az bəhs edək. İynəcələr xarici görünüş baxımından vertolyota bənzəyir. Bu həşərat hansı sürətlə və hansı tərəfə hərəkət edirsə etsin, ani olaraq çevrilib arxaya uça bilmək kimi qüsursuz bir uçuş qabiliyyətinə malikdir. Belə ki, ovuna hücum etmək üçün havada hərəkətsiz dayana və müvafiq vəziyyətdə gözləyə bilir. O, bunu çox sürətlə çırpdığı qanadları sayəsində bacarır.
GİZLİ SUALTI SIĞINACAQ OLAN MƏRCANLAR
Mərcanları ilk dəfə gördüyünüz zaman onları rəngli daş yığını zənn edə bilərsiniz. Lakin bu, yanlış bir ehtimaldır. Çünki mərcanlar canlıdır. Milyardlarla mərcan bir yerdə yaşayır, xüsusi ifrazat maddələri ilə bir-birinə birləşir və bu daş görünüşlü quruluşu meydana gətirir.
Mərcanlar öldükdən sonra qalıqları daşlaşır və bu qalıqlar müəyyən müddət ərzində bir çox canlının birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. Burada yaşayan balıqların özünə xas xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüzlər ov edən balıqlar Günəş batdıqdan sonra mərcan riflərindəki gizli yerlərdə və yarıqların içində gizlənirlər.
SƏHRADAKI HƏYAT
Gündüz 50-60 dərəcəyə çatan hədsiz isti, gecə isə dondurucu soyuq, həftələrlə, hətta aylarla sürən quraqlıq və çox az qida... Belə bir vəziyyətdə həyat sürməyin mümkün olmadığını düşünə bilərsiniz. Haqqında danışdığımız bu çətinliklərlə bol olan yer səhralardır və düşündüyünüzün əksinə olaraq burada bir çox canlılar yaşayır. Beləliklə, səhrada yaşayan canlılara dair bir neçə örnək verək.
CEYRANLARIN XÜSUSİ SOYUDUCU SİSTEMİ
Kondinsionerlər bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Lakin soyuducu sistemləri ilk dəfə insanlar kəşf etməyib. Əslində bir çox canlının bədənində kondinsionerə bənzər soyuducu sistemlər var. Buna Afrikada yaşayan və çox sürətli qaçan ceyranı misal göstərə bilərik. Bu canlı bir çox başqa canlılar kimi başqa müdafiə vasitəsi olmadığından həyatını davam etdirmək üçün düşmənlərindən qaçmaq məcburiyyətindədir. Lakin bu sürətli qaçış ceyranın bədən temperaturunu yüksəldir. Bu hal ceyran üçün çox təhlükəlidir, çünki bədən temperaturu artdıqca ceyranın beyin temperaturu da arta bilər. Amma ceyranın yaşaması üçün beyni bədənindən sərin olmalıdır. Belə halda ağlınıza «bu halda ceyranlar nə üçün ölmür» sualı gələcək.
AĞACDƏLƏNLƏRİN DÖZÜMLÜLÜYÜ
Ağacdələnlər dimdikləri ilə ağacları dələrək özlərinə yuva və qida anbarı yaradırlar. Bir ağacdələnin ağacı dəlmə sürəti saatda təqribən 40 km-dir. Bu, qeyri-adi bir sürətdir və ağacdələnə əslində zərər verməli idi. Lakin quşun dimdiyinin ucunda xüsusi bir kilid sistemi olduğu üçün quş heç bir zərər çəkmir. Əgər belə dimdik quruluşu olmasaydı, belə sürət nəticəsində ağacdələnin dimdiyi sına bilərdi. Bundan əlavə, əgər ağacdələnin vurduğu dimdiyin təsiri birbaşa onun beyninə getsəydi, bu halda quşun beyni zədələnərdi. Amma Allah ağacdələni bütün lazımi xüsusiyyətlərə sahib olaraq yaratdığı üçün belə bir hal baş vermir. Məsələn, quşun beyni dimdiyi səviyyəsində yerləşmişdir. Bundan əlavə, ağacdələnin dimdiyinin alt hissəsindəki əzələlərin də «zərbə təsirini azaldan» xüsusiyyəti var. Bu səbəbdən quş ağacı dələrkən meydana gələn zərbənin təsirinin qarşısı alınır.
BÖYÜK YANAQLI SEVİMLİ SİNCAB
Aşağıdakı şəkildə gördüyünüz sevimli canlının adı kisə yanaqlı sincabdır. Bu sincab növünü digər sincablardan ayıran xüsusiyyət yemədiyi qidasını yanaqlarındakı kisələrdə saxlamasıdır. Sincab daha sonra bunlardan qida ehtiyatı kimi istifadə edir.Yanağındakı kisələr əslində çox elastik quruluşa malik dəri qırışlarıdır. Bunların içəri hissəsi boş olsa da rütubətli deyil, yəni qida orada xarab olmadan uzun müddət qalır. Bu kisələr ağızın hər iki tərəfində yerləşir.
DÜNYANIN ƏN UZUN QANADLI QUŞU-ALBATROS
Albatroslar çox böyük - 3,5 metrə yaxın - qanadları olan dəniz quşlarıdır. Həyatlarının 92 faizini açıq dənizlərdə keçirir və quru sahəsinə demək olar ki, enmirlər. Bu quş növünün ən əsas xüsusiyyəti onun dayanmadan uzun müddət uça bilməsidir. Bu çətin işi isə albatros xüsusi uçuş tərzi sayəsində bacarır.Albatrosun uçması üçün qanadlarını küləyə qarşı tam açaraq havada dayanması kifayətdir.
BƏZƏK USTASI OLAN ÇARDAQ QUŞU
Yuvalarını bəzəyən quşların olduğunu bilirdinizmi? Eynilə bir insanın öz yaşadığı yeri bəzədiyi kimi bəzi quş növləri də yuvalarını bəzəyir. Bəzən topladıqları bəzək əşyaları ilə yuvalarında dekorasiya işləri aparan, bəzən də çəhrayı rəngli meyvələrlə yuvalarının divarlarını rəngləyən bu quşların davranışı əlbəttə ki, insanı heyrətləndirir...
BALALARI ÜÇÜN YUVA QAZAN QUŞLAR
Meqapod quşları Avstraliyada yaşayır və balalarını böyütmək üçün xüsusi yuvalar qurur. Əvvəlcə erkək meqapod böyük bir çuxur qazır, daha sonra bu çuxuru çürüməkdə olan nəm ot və yarpaqlarla doldurur. Bunun da çox əhəmiyyətli bir səbəbi var. Çürüyən bitkilərdə olan bakteriyalar yüksək istilik yaradacaq və yuvanı qızdıracaq. Erkək quş bu istiliyi sabit saxlamaqdan ötrü havanın dəyişməsi üçün deşik açır və dimdiyini bu deşiklərdən içəri soxaraq yuvanın istiliyinə mütəmadi olaraq nəzarət edir. Həmçinin bitki yığınının üzərində əlavə bir də qıfa bənzər dəlik açır. Bu dəlik qış boyunca yağışın içəri sızmasını və bitki yığınının nəmli qalmasını təmin edir.
14 Haziran 2011 Salı
ZIĞ-ZIĞ QUŞUNUN GÜCLÜ YADDAŞI
Zığ-zığlar topladıqları qozaları daha sonra istifadə etmək üçün torpağa basdırır. Bəzi hallarda gündə 1000 ədəd qoza basdırırlar. Meşədə hər yer bir-birinə bənzəyir. Bu səbəbdən hətta insan da meşədə bir yeri çox çətinliklə tapır. Bəs zığ-zığlar qozaları gizlədikləri yeri necə tapırlar? Çox ağıllı bir üsulla bu yerlərə işarə qoyur. Bunun üçün bəzən ağac budaqlarından, bəzən də daş parçalarından istifadə edirlər. Əslində yenə də ucsuz-bucaqsız meşədə torpağın altında bir yeri tapmaq çox çətindir. Lakin aparılan sınaqlarda bu quşların hətta 9 ay keçdikdən sonra da həmin qozaları tapdığı məlum olmuşdur. Quşun bu qədər güclü yaddaşa malik olması, qida gizlətdiyi yeri işarə etməsi və daha sonra bunların yerini xatırlaması bir yaradılış möcüzəsidir.
HEYVANLAR ALƏMİNİN ZİREHLİ TANKLARI
Cənubi Amerikada yaşayan və «armadil» adlanan bu canlılar bütün bədənlərini örtən zirehləri ilə çox maraqlı bir görünüşə malikdir. Böcəklərlə qidalanan bu canlılar qidalarını əsasən torpağı qazaraq axtarırlar. Armadillər çox yüksək qoxubilmə hissiyyatına malikdir. Qidanın qoxusunu dərhal hiss edən armadil burnunu torpağa dayayaraq onu elə həyəcanla qazır ki, sanki iyi itirməkdən qorxur. Armadilləri bu vəziyyətdə görənlər heyvanın necə nəfəs aldığına təəccüb edə bilər. Halbuki armadillər bu vəziyyətdə nəfəs almırlar. Çünki onlar altı dəqiqəyə yaxın nəfəslərini saxlama qabiliyyətinə malikdir. Bu isə torpağı qazdıqları zaman boğulmalarının qarşısını alır.
HƏTTA GECƏNİN QARANLIĞINDA DA UÇA BİLƏN KÖÇƏRİ QUŞLAR
Bir çox quş növü hər il yaxşı qida mənbələrinə, yumurta qoyacaq və balalarını böyüdəcək uyğun bölgələrə getmək üçün minlərlə kilometr uçur. Allah quşların uçuşuna bir ayəsində aşağıdakı kimi diqqət çəkir:
Məgər onlar başlarının üstündə qanad açıb uçan, sonra da qanadlarını yığan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Rəhmandır. Həqiqətən O, hər şeyi görəndir!» («Mülk» surəsi, 19).
DƏNİZLƏRİN SANİTARLARI
Böyük bir balığın ağzına girən kiçik balıq gördüyünüz zaman ağlınıza hər şeydən əvvəl nə gəlir? Bu vaxt böyük balığın kiçik balığı bir həmlədə yeyəcəyini fikirləşir və kiçik balığın ona nə üçün bu qədər yaxınlaşdığı haqqında düşünürsünüz. Böyük balığın kiçik balığın onun ətrafında hərəkət etməsinə icazə verməsi və ona heç toxunmaması, ağzında və qəlsəmələrində üzməsinə reaksiya verməməsi isə vərdiş etmədiyimiz bir görüntüdür.
Lakin okeanda belə görüntülərə çox tez-tez rast gəlmək olar. Böyük balıqların yanında yalnız kiçik balıqlar üzmür. Bəzi hallarda krevetləri də böyük balıqların ağzının kənarında görmək mümkündür. Bunlar böyük balıqları təmizləmək vəzifəsini daşıyan krevet və balıqlardır.
SƏS-KÜYLÜ CIRCIRAMA
Cırcırama səs-küylü bir həşəratdır. Həşərat bu səs-küyü bədənindəki yüksək bir sistem vasitəsilə çıxarır. Gövdəsinin arxa hissəsindəki hava kisəcikləri üzərində sağ və sol tərəfdə yerləşmiş iki lövhə var. Cırcırama daş kimi sərtləşmiş bu lövhələri bir-birinə vuraraq həmin səsi çıxarır. Lövhə bağlı olduğu əzələ tərəfindən dartılıb-buraxıldığı zaman boş tənəkə qutunun çıxardığı səsə bənzər bir səs yaranır. Həşəratın etdiyi dartıb-buraxma hərəkəti saniyədə 500 dəfə təkrar olunur. Saniyəni bir göz qırpımı qədər bir müddət kimi düşünsək, onun bu hərəkəti bir saniyədə 500 dəfə etməsinin nə qədər çətin olduğunu dərhal anlayarıq.
SANİTAR QUŞLAR
Şəkillərdə gördüyünüz quşlar “oxpecker” adlanan sanitar quşlardır. Bu quşlar kərgədan, fil, zebra kimi heyvanların dərisinin üzərindəki parazit canlılarla qidalanır. Buna görə də həmin heyvanlar quşların onların üzərində gəzişməsinə, hətta başlarına qonmasına da heç bir reaksiya vermir. Bu əlaqə hər iki tərəfə qarşılıqlı fayda verir. Beləliklə, heyvanlar həm zərərverici parazitlərdən xilas olur, həm də hər hansı bir təhlükə zamanı quşlar səs-küy salaraq onları xəbərdar edirlər.
SU ÜZƏRİNDƏ GƏZƏN GÖLMƏÇƏ XİZƏKÇİSİ
Su üzərində gəzmək insanlar üçün qeyri-mümkün işdir. Halbuki bir çox canlı Allahın onlara verdiyi xüsusi bədən quruluşu sayəsində bu işi asanlıqla yerinə yetirir. Məsələn, gölməçə xizəkçisi adlanan həşərat növü uzun, incə ayaqları ilə suyun üzərində gəzir. Həşəratın ayaqları suyu itələdiyi zaman suyun səthində kiçik bir çuxur əmələ gəlir. Beləliklə, həşərat bədən ağırlığını çox geniş bir sahəyə yaymış olur.
YAPIŞQAN VANTUZ BALIQLARI
Vantuz balıqlarının əsas xüsusiyyəti onların okeanda hərəkət etmək üçün vasitə axtarmasıdır. Bunun üçün onlar akulalardan və ya gəmilərdən istifadə edir. Balığın arxa üzgəci ovalşəkilli vantuz formasındadır. Üstünə yapışdığı bütün canlı-cansız cisimlərlə birlikdə hərəkət edə bilirlər. Üzərinə yapışdığı canlı nə etsə də, nə qədər sürətlə üzsə də vantuz balığı yerindən qopmayaraq qalır.
YERDƏ QAÇAN QIRMIZIDODAQ BALIQ
Qırmızıdodaq yarasa balığı dünyada dörd üzgəci üzərində hərəkət edən yeganə balıqdır. Hərəkət etmək üçün nəzərdə tutulmuş üzgəcləri, gülünc görünüşlü burnu və böyük qırmızı dodaqları balığa çox maraqlı xarici görünüş verir.
Yarasa balıqlarının qumun üzərində bir insan kimi gəzməsini təmin edən orqanları döş üzgəcləridir. Bu üzgəclərinin vasitəsilə yarasa balıqları okean mühitində asanlıqla dayana və üzgəc uclarının üzərində üzə bilirlər.
13 Haziran 2011 Pazartesi
RƏNGARƏNG VAĞ QUŞLARI
Vağ quşları hər yerdə görünə bilən quşlardandır. Şəkildə gördüyünüz böyük mavi vağ Şimali Amerikada ən uzun boylu vəhşi quşdur. Rəngləri ilə diqqəti cəlb edən mavi vağlar yuva qurduqları vaxtı nəzərə almasaq, tək-tənha yaşayan quşlardır.Vağ quşlarının cəm şəklində olan yuvalarına əsasən insanlardan uzaq və gizli olan bölgələrdə rast gəlinir. Vağ quşlarının başqa bir növü olan hank vağları isə yaz fəsli gələndə çox müxtəlif rənglərə bürünürlər. Yetkin vağ quşlarının rəngli dimdiklərinin ətrafında yalnız yuva qurma zamanı əmələ gələn rəngli hissələr olur.
BİR AY SUSUZ YAŞAYA BİLƏN DALĞALI TUTUQUŞULAR
Vəhşi dalğalı tutuquşular (Melorsittacus undulatus) Avstraliyanın o qədər də yağıntı olmayan çöllük ərazilərində yaşayırlar. Suya olan tələbatlarını yedikləri toxumların tərkibi ilə ödədikləri üçün bu quşlar havanın çox isti olduğu vaxtlarda 1 ay müddətində heç su içmədən asanlıqla yaşaya bilirlər. Vəhşi dalğalı tutuquşuların həyatında suyun əhəmiyyəti olduqca böyükdür. Buna görə də bütün həyatlarını iqlim şərtlərinə görə tənzimləyə bilirlər. Məsələn, kifayət miqdarda su tapmadıqları zaman yumurta qoymağı dayandırır və su üçün yeni yerlər axtarmaqla məşğul olurlar. Kifayət qədər böyük bir su yığını tapanda isə yumurta qoymağa başlayırlar.
QUŞ TÜKLƏRİNİN QURULUŞU
Əlbəttə ki, quşları başqa canlılardan ayıran ən əsas xüsusiyyət onların uça bilməsidir. Heç bir canlının bacarmadığı bu işi quşlar xüsusi quruluşu olan tükləri vasitəsilə edirlər. Quş tükləri çox yüngüldür, qaldırma gücü var və yenidən asanlıqla əvvəlki vəziyyətinə qayıda bilirlər. Əgər bir quş tükünü mikroskop altında müşahidə etsək, qeyri-adi bir quruluşla rastlaşarıq. Tüklərin ortasında hamımızın bildiyi uzun və sərt bir boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Uzunluğu və yumşaqlığı müxtəlif olan bu tüklər quşa havada sürətlə uçmaq imkanı verir.
QUŞLARIN HAVADA SÜZMƏ TEXNİKASI
Uçuş çoxlu enerji tələb edən bir prosesdir. Quşlar isə kiçik canlılardır və bədənlərində saxlanan ehtiyat enerji də tükənəndir. Quşlar ehtiyac duyduqları enerjinin böyük bir hissəsini xüsusi uçuş texnikasının vasitəsilə əldə edirlər. Havada qanad çalmadan süzmək quşların ən çox istifadə etdiyi texnikalardan biridir. Məsələn, kərkəslər müvafiq yüksəklikdə süzərək uçmaq üçün isti hava axınlarına uyğun xüsusi bir üsul tətbiq edirlər. Bir isti hava axınından digərinə süzərək gün ərzində çox geniş bir sahə üzərində uça bilirlər.
SUYU QAYÇI KİMİ KƏSƏN SU QUŞU
Bir çox quşlar qanadları suya toxunduğu zaman uça bilmir, çünki su tükləri bir-birinə yapışdırır və quş qanadlarını hərəkət etdirə bilmir. Su quşları isə bütün gün ərzində suya girib-çıxırlar, lakin onlarda belə bir problem yaranmır. Bu qeyri-adi vəziyyətin səbəbi ilə siz də maraqlandınız, elə deyilmi? Su quşlarının qanadlarında su ilə təmasda olduqları zaman tüklərinin bir-birinə yapışmasının qarşısını alan yağ var. Bunun sayəsində quşlar suda və quruda rahat hərəkət edə bilirlər. Skimmer də bir su quşudur, lakin onun bədənində bu yağdan yoxdur. Buna görə də o, başqa su quşları kimi ov etmək üçün suya girə bilmir. Bəs suda hərəkət edə bilməyən bu quşlar necə qidalanacaqlar?
Kaydol:
Kayıtlar (Atom)